CƏMİYYƏT
Lənkəranda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirilir
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) sentyabrın 13-14-də Lənkəran rayonundan olan şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilir.
Mərkəzi Gömrük Hospitalından AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı hospitalın yüksək ixtisaslı 20-ə yaxın tibb işçisi şəhid və qazi ailələrinin üzvlərinə xidmət göstərir. Müayinələr zamanı hər hansı problem müəyyən edilərsə, sonrakı mərhələlərdə vətəndaşlarımızın Bakı şəhərində daha ixtisaslaşmış mərkəzi xəstəxanalara yönləndirilərək müalicəsi davam etdiriləcək. Tibbi-sosial aksiya zamanı şəhid ailələri və qazilərin ailə üzvlərinin dərman vasitələri ilə də təmin olunurlar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tədbirlər planına əsasən bu cür sosial aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsi planlaşdırılır.