LƏNKƏRANDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ ABİDƏ UCALDILMIŞDIR
Martın 29-da Lənkəran şəhərinin vağzalyanı meydanında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur. 1918-ci il martın 31-də ermənilər məhz burada yüzlərlə lənkəranlını vəhşicəsinə qətlə yetirmişdilər.
Memar Maarifə Əhmədovanın layihəsi əsasında mərmərdən ucaldılmış abidənin üzərindən örtük götürüldü. Azərbaycan Prezidenti Heydər Əliyevin adından abidənin önünə əklil qoyuldu. Əbədi məşəl alovlandırıldı.
Açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı Yaşar Rzayev, milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov, Milli Məclisin deputatı Miri Qəmbərov, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərov, Lənkəran rayon veteranlar şurasının sədri Nüsrət Bağırov və başqaları çıxış etdilər. Natiqlər xatırlatdılar ki, erməni millətçiləri iki yüz ilə yaxın müddətdə havadarlarına arxalanaraq, azərbaycanlılara qarşı məqsədyönlü soyqırım və deportasiya siyasəti yeritmişdir. Bu siyasətin ağır nəticələrini milyonlarla soydaşımız, o cümlədən Lənkəran şəhərinin və ətraf kəndlərin sakinləri öz həyatında hiss etmişdir. Lakin tariximizin bu faciəli səhifələri qapalı saxlanmış, xalqımız əsl həqiqətdən xəbərsiz olmuşdur. Yalnız respublikamız müstəqillik əldə etdikdən, xüsusilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlətimizin başçısının səyləri sayəsində məsələlərə obyektiv münasibət bildirilmişdir. 1998-ci il martın 26-da Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, martın 31-i azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Daha sonra isə həmin Fərmanın icrası ilə əlaqədar tədbirlər planı hazırlanıb həyata keçirilir. Lənkəranda xatirə abidəsinin ucaldılması da həmin tədbirlərdən biridir.
Abidənin açılışı mərasimi Lənkəran Dövlət Dram Teatrı artistlərinin göstərdiyi ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.