Lənkəranın 15 mindən çox sakini tibbi müayinədən keçmişdir
Lənkəran, 11 mart (AZƏRTAC, Bağır Əliyev). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi Lənkəran rayonunda da yüksək fəallıqla davam edir.
Lənkəranlılar onlar üçün yaradılmış əlverişli imkandan maksimum yararlanmağa çalışırlar. Hər gün yüzlərlə rayon sakini Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, Müalicə-Diaqnostika Mərkəzinə, tibb məntəqələrinə gələrək müayinə olunur, sağlamlıqları barədə ətraflı məlumat alırlar.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkiminin müavini Ağali Əliyevin AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, indiyədək bu tibb ocağında 2 min 500-dən çox rayon sakini müayinədən keçmişdir. Tibbi müayinələrə mərkəzin yüksək ixtisaslı və təcrübəli həkim personalı cəlb olunmuşdur. Müraciət edən vətəndaşlarda ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, qan təzyiqi xəstəlikləri daha çox üstünlük təşkil edir. İlkin müayinələrdən sonra səhhətində ciddi problemlər qeydə alınan vətəndaşlar əvvəlcə daha dərin müayinəyə cəlb edilir və yalnız bundan sonra müalicəyə yazılır. Daha ağır xəstəliklər aşkarlanan vətəndaşlar isə müalicə olunmaq üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilir.
Mərkəzdə müayinədən keçən şəhər sakini Solmaz Zöhrabova hərtərəfli müayinə üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək demişdir: Şəhər 3 saylı uşaq bağçasında tərbiyəçi işləyirəm. Uşaqların sağlamlığının qeydinə qalmaq üçün ilk növbədə özümüz sağlam olmalıyıq. Azərbaycan Prezidentinin bütün sakinlərə belə bir imkan yaratması hamımızın ürəyincədir.
Söhbətə qoşulan şəhər sakini Gülarə Bayramova minnətdarlığını belə ifadə etmişdir: Tibbi müayinələrin təşkili hamıdan çox aztəminatlı ailələr üçün əvəzedilməzdir. Belə bir tapşırıq verməklə Prezident İlham Əliyev bütün vətəndaşların qayğısına qaldığını, onları daim diqqətdə saxladığını, həqiqətən hər bir vətəndaşın prezidenti olduğunu bir daha sübut edir. Tanıdığım bütün insanlar pulsuz tibbi müayinənin təşkilindən hədsiz dərəcədə məmnundurlar. Şəxsən mən tibbi personalın səmimi münasibətindən və diqqətindən də çox razıyam.
Qeyd edək ki, martın 11-dək 15 min 410 nəfər rayon sakini tibbi müayinələrdən keçmişdir. Ümumiyyətlə isə aksiya müddətində rayon üzrə qeydiyyatda olan 102 min 896 vətəndaşın müayinə edilməsi nəzərdə tutulur.