Lənkəranın Girdəni kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi tikilib
Lənkəran, 4 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 4-də Lənkəran rayonunun Girdəni kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən bir il ötür.
Bu qanlı-qadalı müharibədə qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr vuran igidlərimiz arasında lənkəranlı gənclərin də xüsusi yer tutduğunu vurğulayan icra başçısı, onların bəzilərinin Vətən torpaqlarının işğaldan azad olunması yolunda həyatlarını qurban verib şəhidlik zirvəsinə ucaldıqlarını, bir çoxlarının isə qazi olduqlarını diqqətə çatdırıb.
Lənkəranda Vətən müharibəsi şəhidlərinə və qazilərə böyük ehtiramın göstərildiyini, onların xatirələrinin əbədiləşdirilməsi məqsədilə adlarına bulaqların tikildiyini, xatirə lövhələrinin vurulduğunu, ad və anım günləri ilə bağlı tədbirlərin, mərasimlərin keçirildiyini diqqətə çatdıran natiq, onların Vətən qarşısındakı xidmətlərinin daim xatırlanacağını, hər zaman gənc nəslə örnək olacağını söyləyib.
Digər çıxış edənlər - şəhid anası Bəyimağa Ağayeva, Girdəni Kənd Ağsaqqallar Şurasının sədri Məmmədxan Kərimov və Girdəni kənd sakini Namik Bağırov şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.