Lənkəranlılar Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirirlər
Lənkəran, 19 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayaraq Lənkəran rayonunda əhalinin pulsuz tibbi müayinəsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasında, Müalicə-Diaqnostika Mərkəzində, həmçinin yerlərdəki tibb müəssisələrində əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) poliklinika şöbəsində təşkil olunmuş pulsuz tibbi müayinələrdən 18 yaşdan yuxarı vətəndaşlar keçirlər. Şəhər icra hakimiyyəti nəzdində yaradılmış komissiyanın üzvləri müayinələrin gedişinə nəzarət edirlər. Müayinələri təcrübəli həkimlərdən təşkil olunmuş 8 briqada həyata keçirir.
Həkim briqadaları məktəblərdə, uşaq bağçalarında da müayinələr aparacaq, poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.
İki gün ərzində rayonun 1500 nəfərə yaxın sakini tibbi müayinədən keçmişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev AZƏRTAC-a bildirmişdir ki, tibbi müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlar Lənkəran rayonunun tibb müəssisələrində pulsuz müalicə olunacaqlar. Müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinin müvafiq səhiyyə ocaqlarına göndəriləcəklər.
Mayın 1-dək davam edəcək humanitar aksiya lənkəranlılar tərəfindən razılıqla qarşılanmışdır. Onlar əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.