Lerikdə əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir
Lerik, 2 aprel (AZƏRTAC, Bağır Əliyev). Aprelin 2-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova aksiyanın gedişi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üzrə qrafik tərtib olunmuşdur. Müayinələr 2010-cu il iyunun 25-də Prezident İlham Əliyevin Lerikə səfəri zamanı açılışı olmuş mərkəzi rayon xəstəxanasında aparılır. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün burada ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Tibbi heyət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Müayinələr nəticəsində hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
İclasda müzakirə olunan məsələ ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinin hesabatları dinlənilmişdir. Bildirilmişdir ki, indiyədək rayon üzrə 6637 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 462 nəfəri ambulator, 56 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 18 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Rayonun 64 yaşayış məntəqəsində əhalinin tibbi müayinələrdən keçirilməsi başa çatmışdır.
Yığıncaqda çıxış edənlər ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, humanitar aksiyasının əhəmiyyətindən danışmış, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.