Lerikdə əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Lerik, 7 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq fevralın 17-dən respublikamızda həyata keçirilən tibbi müayinə kampaniyası Lerik rayonunda da mütəşəkkil surətdə davam edir.
Lerik Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mübariz Ağayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılmış, qrafik tərtib olunmuşdur.
2010-cu ilin iyununda Azərbaycan Prezidentinin iştirakı ilə açılmış Mərkəzi Rayon Xəstəxanasında bu məqsədlə ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Sakinlər xəstəxananın konsultativ poliklinika şöbəsində yüksək ixtisaslı, təcrübəli həkimlər tərəfindən hərtərəfli tibbi müayinələrdən keçirilir. Hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
İndiyədək rayonun 5 minə yaxın sakini tibbi müayinədən keçmiş, 124 nəfər ambulator, 30-a yaxın şəxs isə stasionar müalicəyə cəlb edilmişdir. Müalicəsi rayonda mümkün olmayan 7 nəfər Bakı şəhərindəki müvafiq səhiyyə müəssisələrinə göndərilmişdir.
Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən, işin təşkilindən razılığını bildirir, hər bir vətəndaşın sağlamlığına göstərdiyi yüksək diqqətə və qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.