Lerikə yağan qar ciddi fəsadlara səbəb olmayıb, müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışır
Lerik, 19 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonunda dünən gecə saatlarından yağmağa başlayan qar ciddi fəsadlara səbəb olmayıb. Dəyişkən hava şəraitinə baxmayaraq, rayon ərazisində nəqliyyatın hərəkətində məhdudiyyətlər qeydə alınmayıb, əhalinin gündəlik həyat fəaliyyətində isə ciddi çətinliklər müşahidə olunmayıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lerik Rayon İcra Hakimiyyətinin birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
Onun sözlərinə görə, hazırda rayonda qarın yağması davam edir və əsasən gecə saatlarında daha intensiv olub. Şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 30–40 santimetr təşkil edir. Dağlıq ərazilərdə isə daha çoxdur və yağıntı yuxarı dağ kəndlərində intensiv şəkildə müşahidə olunur.
Fövqəladə Hallar Komissiyasının sədri qeyd edib ki, müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, yol infrastrukturu və yaşayış məntəqələri nəzarətdə saxlanılır. Lerik–Lənkəran avtomobil yolu mütəmadi olaraq qardan təmizlənir və nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.
“Dağ kəndlərində elektrik enerjisinin verilişində müəyyən fasilələr müşahidə olunur. Müvafiq qurumlar tərəfindən nasazlıqların aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi təmin ediləcək”, – deyə o vurğulayıb.