"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
Xocalı, 7 avqust, AZƏRTAC
Xocalı şəhərində "Xocalı Ensiklopediyası"nın təqdimatı keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2026-cı ildə çap edilmiş Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı, müəllifləri professor Mübariz Allahverdiyev, Rüstəm Hacıyev və Dürdanə Əliyevadır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Xocalı Ensiklopediyası" dörd hissədən ibarətdir. Birinci hissədə Xocalının tarixi, coğrafiyası, memarlıq, arxeoloji abidələri və Xocalı soyqırımı barədə məlumat yer alıb. İkinci hissə Xocalı soyqırımı qurbanlarının (həlak olanlar, itkin düşənlər, sağ qalanlar) dəhşətli həyat hekayələrindən ibarətdir. Üçüncü hissə Xocalının görkəmli şəxsiyyətlərindən bəhs edir. Dördüncü hissədə isə ilk dəfə olaraq Xocalı bəyləri və onların şəcərələri barədə məlumat verilib.
Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı çıxışında bu sənədli əsərin 3 ilə ərsəyə gəldiyini bildirib.
Milli Məclisin deputatı Elman Məmmədov "Xocalı Ensiklopediyası"nın azad Xocalıda təqdimatının keçirilməsinin qürurverici olduğunu deyib. Xocalı haqqında lazımi bilgilərin, soyqırımı ilə bağlı rəsmi sənədlərin də dərc olunduğu bu kitabın qorunaraq, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də kitabda Xocalı ziyalıları və ictimai xadimləri, xüsusilə Xocalı bəyləri haqqında dərc olunan məlumatların böyük maraqla qarşılanacağını bildiriblər.