LƏTİF KƏRİMOVUN QƏBİRÜSTÜ ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq bildirmişdir ki, Şuşa şəhərində dünyaya göz açan Lətif Kərimov Azərbaycan dekorativ tətbiqi sənətini müasir ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Onun dövlət adamlarına, tanınmış mədəniyyət və elm xadimlərinə həsr olunmuş portret xalçaları ornamental bəzəyinə, rəsmlərinin zərifliyi və ifadəliliyinə, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.
Nazir qəbirüstü abidənin müəllifi heykəltəraş, əməkdar rəssam Albert Mustafayevin əsərini yüksək qiymətləndirmişdir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, “Azərxalça” birliyinin baş rəssamı Cavanşir Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru İnqilab Kərimov və başqaları Lətif Kərimov haqqında xatirələrini danışmış, onu böyük ziyalı, xeyirxah və nəcib insan, incəsənətin müxtəlif sahələrinə dərindən bələd olan, bir sıra qiymətli elmi əsərlərin müəllifi kimi dəyərləndirmişlər.
Lətif Kərimovun ailəsi adından sənətşünas Eldar Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Abidənin önünə əklil və tər gül-çiçək dəstələri qoyulmuşdur.