Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində “Narkotikə yox deyək – öz həyatının qəhrəmanı ol!” adlı maarifləndirici görüş təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Tədbir Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında narkotik vasitələr və psixotrop maddələr barədə məlumatlılığın artırılması məqsədilə keçirilib.
Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın sosial və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onların sağlam həyat tərzi seçməsinin, zərərli vərdişlərdən uzaq durmasının və gələcək fəaliyyətlərində məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış kitabça və yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.