LİTVA ƏDLİYYƏ NAZİRLİYİNİN ƏMƏKDAŞLARI OMBUDSMAN APARATINDA FİKİR MÜBADİLƏSİ APARMIŞLAR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Litva Ədliyyə Nazirliyinin əməkdaşları Kestutis Sirvaitis və Mantas Varaska ilə görüşmüşdür.
Qonaqlar ölkəmizdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun təmin edilməsi vəziyyəti ilə maraqlandıqlarını, Azərbaycan Ombudsmanı ilə görüşün əsas məqsədinin fikir və təcrübə mübadiləsi aparmaq olduğunu söyləmişlər.
Müvəkkil ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi nəticəsində sahibkarların qeydiyyatını və fəaliyyətini tənzimləyən qaydaların xeyli sadələşdirildiyini, mülkiyyət hüququnun müdafiəsi mexanizmlərinin təkmilləşdirildiyini diqqətə çatdırmışdır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar qanunların qəbul edildiyi, dövlət maliyyə dəstəyi mexanizminin yaradıldığı, vergi sisteminin təkmilləşdirildiyi bildirilmişdir.
E.Süleymanova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) ilə yaradılmış əməkdaşlıq əlaqələrindən də danışmışdır.
Görüşdə iştirak edən DƏDRX-in rəisi Arif Qaraşov rəhbərlik etdiyi quruma Ombudsman Aparatından daxil olmuş ərizələrin araşdırılması ilə bağlı məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]