Litvanın Klaypeda şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Klaypeda, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Litvanın Klaypeda şəhərində “Azəris“ Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Klaypeda şəhər qəzetinin media nümayəndəsi ilə yanaşı, Klaypeda Yəhudi Cəmiyyətinin sədri Feleks Puzimski, Klaypeda Dairəsi Müsəlman Təşkilatının rəhbəri Şamil Gumerov, Tatar, Ukrayna, Belarus cəmiyyətlərinin sədrləri Ilfir Gibadullin, Leonid Tregub və Nikolay Logvin və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirin aparıcısı Rəna Məmmədova, “Azəris“ Cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycan həqiqətlərinin Litvada yaşayan digər xalqların nümayəndələrinə daha ətraflı şəkildə çatdırmaq üçün səylərini bundan sonra da davam etdirəcəklərini bildirmişlər.
Mərasimdə əslən Qarabağdan olan, Litvada təhsil alan Sevinc Məhərrəmova erməni cəlladlarının onun yaxınlarının və doğmalarının başına gətirdikləri faciələrdən söz açmışdır.
Sonra tədbir Xocalı həqiqətlərini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilmişdir.
Mərasimin sonunda ingilis, rus və Azərbaycan dilində Xocalı faciəsindən bəhs edən kitablardan və bu soyqırımı zamanı lentə alınmış şəkillərdən ibarət fotosərgi açılmışdır.
Tədbirin iştirakçılarına Azərbaycanın mətbəx mədəniyyətini əks etdirən çay dəsgahı və matəm mərasiminin simvolu olan halva təqdim edilmişdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Klaypeda