SİYASƏT
Londonda “Azərbaycanın Avropaya inteqrasiyası modeli” mövzusunda Forum keçiriləcəkdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) London şəhərində “Azərbaycanın Avropaya inteqrasiyası modeli” mövzusunda Forum keçirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək tədbirin məqsədi ölkəmizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasıdır.
AGAT-dan AZƏRTAC-a bildirmişdir ki, Forumda Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Rövşən İbrahimov və Gülmira Rzayeva, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “TASİM/EuroCA” layihəsinin aparıcı mütəxəssisi Səbinə Həsənova çıxış edəcəklər. Onlar ölkəmizin son illər ərzində uğurlu inkişafı, Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərinin dinamikası, bu sahədə əldə olunmuş nailiyyətlər və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinin potensialı haqqında məlumat verəcəklər.
Tədbirdə Böyük Britaniya ictimaiyyəti nümayəndələrinin, regionumuza maraq göstərən ekspertlərin, gənc fəalların, işgüzar dairələrin, QHT-lərin və Londondakı diplomatik korpusun təmsilçilərinin iştirakı gözlənilir.