Macarıstan palinka biznesini xilas etməyə çalışır
Budapeşt, 6 may, AZƏRTAC
Spirtli içkilərin ev şəraitində hazırlanması Macarıstanda qanunla qadağan olunmur. Hər kəs mağazada bunun üçün nəzərdə tutulan aparat ala, meyvə və giləmeyvələrdən spirt çəkə bilər. Qanunla müəyyən edilən yeganə məhdudiyyət istehsal olunan spirtin ev təsərrüfatındakı həddi-buluğa çatmış insanların sayına nisbəti və onun satışa çıxarılması ilə bağlıdır. Yəni, evdə əldə olunmuş spirtdən yalnız daxili istehsal üçün istifadə etmək olar.
Bunun nəticəsində macarların meyvə arağı olan palinkanın istehsalı və satışı üzə lisenziya almış iri şirkətlər son zamanlar itkilərlə üzləşir, özəl sektordan olan rəqiblərinin nəinki onların buraxdığı içkiləri almaması, onların hətta evdə doldurulmuş palinkanı qeyri-leqal şəkildə bazara çıxarması faktlarının çoxalması hallarından şikayət edirlər. Bir çoxları qonşularını bu içkiyə qonaq edir, yaxud onlara ucuz qiymətə palinka satırlar.
AZƏRTAC xəbər verir ki, Macarıstan Milli Palinka Şurası bununla bağlı bəyanat verərək hökumətdən onlara dəstək olmasını xahiş edib. Şura bəyan edib ki, bu sahədə dəqiq qanunvericilik aktları qəbul olunmalı, özəl sektorda palinka istehsal edənlər vergiyə cəlb edilməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt