MACARISTANIN ƏN POPULYAR QƏZETLƏRİNDƏN BİRİNDƏ AZƏRBAYCAN HAQQINDA GENİŞ MƏQALƏ VERİLMİŞDİR
Müəllif Azərbaycanın tarixindən, onun bu günündən, ölkəmizin neft strategiyasından, neft kəməri tikintisindən, qara qızıl hasilatından və Avropaya nəqlindən söhbət açır.
Macarıstan jurnalisti Ermənistanın ölkəmizə təcavüzü məsələsinə də toxunaraq yazır ki, ermənilər Azərbaycan ərazisinin beşdə bir hissəsini hələ də işğal altında saxlayır, humanitar fəlakət və müharibənin ağır nəticələri üzündən ölkə indiyədək qaçqınlar və məcburi köçkünlərlə bağlı ciddi problemləri həll etməli olur.
İ.Kulçar məcburi köçkünlərin məşkunlaşdığı düşərgədə Ramil Səfərovun həmyerliləri və onun oxuduğu məktəbin direktoru ilə görüşmüşdür. Burada ona Azərbaycan zabitinin, onun ailəsinin və doğma yurd-yuvasından didərgin düşmüş digər insanların necə məhrumiyyətlərə qatlaşdıqları barədə məlumat verilmişdir.
Jurnalist yazır ki, Azərbaycanın 8 milyon əhalisinin 1 milyonu qaçqın-köçkünlərdir. Dövlət neft hasilatı və emalından götürdüyü gəlirin bir hissəsini onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məktəb, tibb müəssisələri, mədəniyyət ocaqlarının tikintisinə yönəldir. Lakin bütün bunlar problemin yalnız müvəqqəti həllidir. Problem bu insanların doğma yerlərinə qayıtması ilə həll oluna bilər.
Azərbaycanın Macarıstandakı səfirliyi bu ölkənin Jurnalistlər İttifaqı ilə birlikdə mayın 5-də mətbuat konfransı təşkil edəcəkdir. Bu yaxınlarda ölkəmizə səfər etmiş İştvan Kulçar və onun həmkarları Azərbaycanla bağlı təəssüratlarını bölüşəcəklər.