Mağazadan pul və mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 3 fevral, AZƏRTAC
Paytaxtda mağazadan və gecə klubundan oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonundakı telefon mağazalarının birindən pul və 6 mobil telefon oğurlamaqda şübhəli bilinən R.Nəsirov rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 1-nə keçən gecə Nobel prospektindəki gecə klublarının birindəki seyfdən 3400 manat oğurlaması da müəyyənləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.