Mahir Məmmədov: Azərbaycanda yüksək səviyyədə idman infrastrukturu yaradılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov “Fairmont” otelində mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Mahir Məmmədov əvvəlcə Dünya Kubokunun təşkilatçılığından danışaraq deyib: “Mühüm qərarlar 2012-ci ildə İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadası günlərində FİDE konqresində qəbul edildi. 2015-ci ildə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının keçirilməsi Bakıya həvalə edildi. Məlum olduğu kimi, Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə, eyni zamanda, Dünya Kubokunu da təşkil edir. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olundu”.
M.Məmmədov bildirdi ki, Dünya Kubokunu təşkil etmək çətin olmadı. Çünki artıq Azərbaycanda yüksək səviyyədə idman infrastrukturu yaradılıb, ölkəmiz təşkilatçılıq baxımından böyük təcrübəyə malikdir. Biz əvvəlcədən istəyirdik ki, bütün mötəbər yarışlar Bakının mərkəzində keçirilsin. Dünya Kubokunun keçirildiyi məkan - “Alov qüllələri” təsadüfi seçilməyib. Bu möhtəşəm bina paytaxtın yeni simasıdır. Gələn il baş tutacaq şahmat olimpiadası isə “Crystall Hall”da keçiriləcək. Bu gözəl tikili “Eurovision” mahnı müsabiqəsindən və ilk Avropa Oyunlarından hamıya yaxşı tanışdır. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi hər iki yarışın yüksək səviyyədə keçirilməsi üçün çalışır. Bizim komitədə ilk Avropa Oyunlarında çalışan insanlar da işləyir, ümumilikdə ən yaxşı mütəxəssislər cəmləşib. Şahmat Olimpiadası ilə bağlı demək istərdim ki, 3 minə yaxın qonağın Bakıya gələcəyi gözlənilir. İstanbulda Bakının Olimpiadaya ev sahibliyi ilə bağlı namizədliyi irəli sürüləndə biz yarışın Dənizkənarı Parkda - bulvar yaxınlığında keçiriləcəyini söyləmişdik. Hazırda həmin ərazidə müasir və geniş otellər fəaliyyət göstərir. Ona görə qonaqların məskunlaşması ilə bağlı problem olmayacaq”.
Mahir Məmmədov Prezident İlham Əliyev tərəfindən imzalanan və 2009-2014-cü illəri əhatə edən şahmatın inkişafı üzrə Dövlət Proqramının icrası barədə də məlumat verərək dedi: “Dövlət Proqramı ölkədə idmanın bu növünün inkişafına təkan verdi. Hazırda Azərbaycanda 70-ə yaxın şahmat məktəbi fəaliyyət göstərir, yeni istedadlar böyüyür. Bütün bunlar isə son Avropa çempionatının qalibi olan Azərbaycan yığmasının xeyrinədir”.
Azərbaycan şahmatçılarının Dünya Kubokunda çıxışına gəlincə, Mahir Məmmədov təmsilçilərimizin oyunu barədə bunları qeyd etdi: “Azərbaycan ilk dəfə Dünya Kuboku kimi mötəbər yarışda altı şahmatçıyla təmsil olunur. Dünya Kubokunda daha çox şahmatçımız iştirak edə bilərdi. Amma altı şahmatçımızın olması yüksək göstəricidir. Əvvəlcədən dörd şahmatçımızın ilk mərhələni keçəcəyini düşünürdük. Belə də oldu. Eltac Səfərlinin macar həmkarıyla görüşdə imkanlarından aşağı səviyyədə çıxış etdiyini düşünürəm. Ümumilikdə isə şahmatçılarımız layiqli mübarizə aparır”.