MALAYZİYADA DÖRD ƏCNƏBİ TƏLƏBƏNİ DAR AĞACINDAN ASACAQLAR
Bu tələbələrdən dörd kiloqram marixuana tapılmışdır. Aparılmış analizlər onların dördünün də narkotik maddədən istifadə etməsi faktını təsdiqləmişdir. İstintaq zamanı onlar etiraf etmişlər ki, narkotiklərin bir hissəsini kollecdəki tanışlarına satmağı planlaşdırmışdılar.
Malayziyada narkotiklərin qaçaqmalçılığına və saxlanılmasına görə dara çəkilməklə ölüm cəzası nəzərdə tutulan qanun 1975-ci ildə qəbul olunmuşdur. Səkkiz il sonra onun tətbiqi sahəsi xeyli genişləndirilmişdir.
Hazırda 15 qramdan çox heroin və ya 200 qram marixuana saxlanılmasına görə, habelə ölkəyə uyuşdurucu narkotik maddələr gətirilməsinə görə, cinayətkarın vətəndaşlığından asılı olmayaraq, ölüm cəzası kəsilir.
Dünyada narkokuryerlər barəsində ən sərt qanunlardan biri sayılan Malayziya qanunu bəraətverici və ya yüngülləşdirici halları nəzərə almır.
Belə sərt cinayət qanunvericiliyinə və təkcə narkotik maddələrdən deyil, spirtli içkilərdən də istifadəni yasaqlayan islamın əsas rol oynamasına baxmayaraq, ölkədə narkomanların sayı daim artır. Məsələn, keçən il Malayziyada 290 min narkoman qeydə alınmışdır, halbuki iki il əvvəl onların sayı 255 min nəfərdən az idi.