Malayziyada sabiq Baş Nazir Nacib Razakın həyat yoldaşının məhkəmə prosesi başlayıb
Tokio, 3 fevral, AZƏRTAC
Fevralın 3-də yüksək dərəcəli Kuala Lumpur məhkəməsi Malayziyanın sabiq Baş Naziri Nacib Razakın həyat yoldaşı, 187 milyon rinqit (təqribən 45, 5 milyon dollar) rüşvət almaqda təqsirləndirilən Rozma Mansurun cinayət işinə baxılmasına başlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
Malayziyanın hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 2016-cı ildə, Nacib Razak hakimiyyətdə olarkən onun həyat yoldaşı “Jepak Holdings” şirkətindən rüşvət alaraq bu şirkətin Saravak ştatındakı bir neçə yüz məktəbdə enerji qurğularının quraşdırılması üzrə tenderin qalibi olmasına şərait yaradıb. Həmin layihənin ümumi dəyərinin 1,2 milyard rinqit (təqribən 304,7 milyon dollar) olduğu bildirilir.
R.Mansur günahını etiraf edəcəyi təqdirdə onu 20 il azadlıqdan mərhumetmə və dəyən zərərin beş qatı məbləğində cərimə gözləyir.
Xatırladaq ki, sabiq Baş Nazirin ailəsinin qeyri-qanuni fəaliyyəti ilə əlaqədar istintaq prosesinə 2018-ci ilin mayında keçirilən parlament seçkilərindən dərhal sonra başlanılıb. Seçkilərin nəticələrinin hesablanması davam etdiyi günlərdə sabiq Baş Nazir və onun yaxın adamları Malayziyanı tərk etmək istəsələr də, onlar paytaxt aeroportunda saxlanıblar.
N.Razakın məhkəmə prosesi ötən il aprelin 3-də başlanıb. Ona qarşı çirkli pulların yuyulması və xidməti vəzifədən sui-istifadə də daxil olmaqla yeddi bənd üzrə ittiham irəli sürülüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio