Malayziyanın Baş nazirinin bu gün istefa verəcəyi gözlənilir
Tokio, 16 avqust, AZƏRTAC
Malayziyanın Baş naziri Muhiddin Yassinin avqustun 16-da vəzifəsini tərk edəcəyi və bununla bağlı Ali hökmdara müraciət edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın xüsusi məsələlər üzrə naziri Redzvan Yusuf məlumat verib.
BERNAMA agentliyinin yaydığı məlumata görə isə bu gün səhər Baş nazirin Putracaya şəhərində yerləşən ofisində Nazirlər Kabinetinin xüsusi iclası başlayıb. Həmin iclasdan sonra Baş nazirin istefa ilə əlaqədar müraciət etmək üçün Ali rəhbərin qəbuluna gedəcəyi gözlənilir.
Qeyd edək ki, Muhiddin Yassin istefa verəcəyi barədə rəhbərlik etdiyi Malayziya Torpağının Oğullarının Birləşmiş Partiyasından (“Bersatu”) olan deputatlar qarşısında avqustun 15-də çıxışı zamanı bəyan edib.
Xatırladaq ki, ötən həftə Malayziya parlamentinin sentyabrın 7-də Nazirlər Kabinetinə etimadsızlığın göstərilməsi barədə məsələni müzakirəyə çıxaracağı elan edilib. Mütəxəssislərin bildirdiyinə görə, Muhiddin Yassin 222 deputatdan yalnız 100-nün dəstəyinə ümid edə bilər.
Qeyd edək ki, ötən ilin əvvəllərində həmin vaxt hökumətə rəhbərlik edən Baş nazir Mahathir Məhəmmədin vəzifədən istefa verməsi ölkədə siyasi böhrana səbəb olub. O, həmin vaxt “Ümid alyansı” Partiyasının sədi vəzifəsini də tərk edib. Ölkədə mövcud olan ənənələrin ziddinə olaraq həmin vaxt Ali rəhbər müstəqil şəkildə Muhiddin Yassini yeni Baş nazir təyin edib.
“Ümid alyansı” Partiyasının yeni lideri Ənvər İbrahim isə parlamentdə daha böyük səs çoxluğuna malik olmasını əsas gətirərək sentyabrda vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio