MANATIN BİRJA MƏZƏNNƏSİNİN ABŞ DOLLARINA NİSBƏTƏN REVALVASİYASI İYUL AYINDA 0,81 FAİZ TƏŞKİL ETMİŞDİR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birja valyuta bazarının lider bankları arasına valyuta bölməsi hərraclarının ümumi dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq olaraq Azərbaycan Beynəlxalq Bankı, “Bank Standard Kommersiya Bankı” Qapalı Səhmdar Cəmiyyəti, “Bank of Baku” Səhmdar-Kommersiya Bankı, “Kapital bank” Səhmdar Bankı və “UniBank” Açıq Səhmdar Cəmiyyəti daxil olmuşdur.
İyulda BBVB-nin valyuta bölməsində cəmi 25 bank iştirak etmişdir. Hesabat ayında Elektron Hərracları Birja Sistemində (EHBS) 42 ticarət sessiyası keçirilmiş və 95 əqd qeydə alınmışdır. Hərracların həcmi ABŞ dollarına nisbətdə 111 milyon AZN, yaxud 125,136 milyon ABŞ dolları təşkil etmişdir. AUR üzrə qeydə alınmış əqdlərin məbləği 37 min 937,2 manat olmuşdur. Ötən ayla müqayisədə valyuta bölməsində hərracların həcmi 8,23 faiz, yaxud 10 milyon manat enmişdir. Bütövlükdə bu ilin 7 ayının yekunlarına əsasən, BBVB-nin valyuta bölməsində dövriyyə manat ekvivalenti ilə 510,25 milyon təşkil etmişdir ki, bu da ötən ilin 7 ayının göstəriciləri ilə müqayisədə 25,41 faiz çoxdur.
Hesabat ayında milli manatın birja məzənnəsi 0,81 faiz möhkəmlənərək, 1 USD üçün 0,8943-0,8871 faiz həddində olmuşdur. Nəticədə manatın ABŞ dollarına nisbətən orta hesablanmış məzənnəsi iyulda 1USD üçün 0.8906 AZN təşkil etmişdir, halbuki iyunun yekunlarına əsasən 0.8956 AZN-ə bərabər idi. Bütövlükdə milli valyutanın birja məzənnəsi son ildə ABŞ dollarına nisbətən 5,22 faiz möhkəmlənmişdir.