Mangifera indica L. bitkisi Dendrologiya İnstitutunda qapalı şəraitdə araşdırılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda ilk dəfə Mangifera indica L. bitkisinin introduksiya şəraitində böyümə və inkişaf xüsusiyyətlərinə, həmçinin qapalı şəraitdə çiçəkləmə və meyvəvermə kimi reproduksiya xüsusiyyətlərinə dair tədqiqatlar aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd edilib ki, təbii şəraitindən gətirilib mədəni şəraitə introduksiya edilən bitkilər fərqli perspektivlik dərəcəsinə malik olur. Mangifera indica L. dairəvi, sıx tacı olan, sürətlə böyüyən və soyuğadavamlı ağacdır. Altıillik Mangifera indica L. yetkinlik dövrünə qədəm qoyur, çiçək açmağa və meyvə verməyə başlayır. İl ərzində bitki bir neçə aktiv böyümə dövrünə malikdir. Böyümə prosesinin başlanması üçün torpağın temperaturu 17-20°C və havanın temperaturu 22-23°C olduqda generativ orqanlar sürətlə formalaşır. Qapalı şəraitdə Mangifera indica L. növündə fevral ayının III ongünlüyündən may ayının III ongünlüyünə kimi çiçəkləmə davam edir. Çiçəkləmənin davametmə müddəti 90-95 gün olur. Torpağın daim rütubətli olması zəruridir. Birbaşa günəş şüaları düşən ərazilərdə və ya yarımkölgə sahələrdə daha yaxşı böyüyür. Havanın temperaturu və rütubət bitkinin normal böyüməsini tam təmin edir. Bu dövrdə olan boy artımı vegetasiya dövründə olan ümumi artımın 60-70%-ni təşkil edir. İyul ayının ortalarından avqust ayının ortalarına qədər havanın temperaturunun yüksək olması (36-38°C) bu bitkinin inkişafını ləngidir. Avqust ayının ortalarından başlayaraq bitkidə ikinci böyümə müşahidə edilir və oktyabrın I və ya II ongünlüyünə qədər davam edir. Havanın temperaturu 12°C aşağı düşdükdə meyvələr əmələ gəlmir.
Tədqiq olunan Mangifera indica L. növünün həyatilik göstəriciləri üzrə ballar toplanıb. İkinci qrupa daxil edilmiş Mangifera indica L. növü həyatilik göstəricilərinə görə 71-90 bal arasında qiymətləndirilib.