MANİAKAL-DEPRESSİV PSİXOZUN SƏBƏBLƏRİ MÜƏYYƏN OLUNMUŞDUR
Alimlər artıq çoxdan bilirdilər ki, maniakal-depressiv psixozdan əziyyət çəkən xəstələrin beyin-sinir hüceyrələrindəki mitoxondriyaların fəaliyyətində pozuntular var. Hüceyrə orqanoidləri olan mitoxondriyalar hüceyrənin fəaliyyətini oksidləşmə-bərpa prosesləri hesabına saxlamaq üçün zəruri enerji hasil edir.
Alimlər bu proseslə psixi pozğunluğun inkişafı arasında əlaqəni yoxlamaq üçün sinir hüceyrələri mitoxondriyalarının oxşar xüsusiyyətlərinə malik olan, genetik baxımdan dəyişdirilmiş siçanlar yetişdirmişlər. Bu heyvanların hamısı xroniki yuxusuzluqdan, bioloji ritmin pozulmasından və maniakal-depressiv psixoz üçün səciyyəvi olan digər əlamətlərdən əziyyət çəkirdi. Bundan əlavə, onlarda xroniki düşkünlük və ağrılı oyanma fazalarının bir-birini əvəzləməsi müşahidə olunmuşdu.
Tədqiqat layihəsinin əlaqələndiricisi professor Tadafumi Katonun fikrincə, hazırda maniakal-depressiv psixozun yaranması mexanizmlərini tamamilə açmaq, habelə bu ağır xəstəliyi müalicə etmək üçün daha səmərəli yeni dərmanlar hazırlamaq imkanları açılmışdır.