MARNEULİ SAKİNLƏRİ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ EHTİRAMLA YAD ETMİŞLƏR
Azərbaycan xalqının ən yeni tarixinə qara hərflərlə yazılan Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir daha anmaq üçün Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin təşəbbüsü ilə Marneulidə mərasim keçirilmişdir. Birliyin sədri, S.-S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti Marneuli filialının direktoru Novruz Bayramov, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü Valeh Hacıyev, Kvemo Kartli - Borçalı bölgəsi qubernatorunun birinci müavini Əli Yüzbaşov, “Ozan” cəmiyyətinin sədri Kamil Kirəcli, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nəriman Qurbanov və başqaları mərasimdə çıxış edərək, Xocalı soyqırımından əvvəl Azərbaycanda ictimai-siyasi vəziyyətdən, respublikanın o vaxtkı maymaq rəhbərliyinin xalqa zidd siyasətindən və bütün bunların yüzlərlə insanın erməni faşistlər tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə gətirib çıxarmasından danışdı, Xocalı faciəsinə yalnız Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra lazımi qiymət verildiyini, bu soyqırımdan dünya ictimaiyyətinin məhz dövlətimizin başçısının xidmətləri sayəsində xəbər tutmasını xüsusi vurğuladılar. Natiqlər nəzərə çarpdırdılar ki, Azərbaycan xalqının başına bir daha belə müsibətlər gəlməməsi üçün bütün dünya azərbaycanlıları Prezident Heydər Əliyevin ətrafında sıx birləşməli, onun daxili və xarici siyasətini səylə dəstəkləməlidirlər.
Mərasimin sonunda bildirildi ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə Gürcüstandakı bütün məscidlərdə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli