Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir
Marneuli, 19 yanvar (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Borçalı İrəli” İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Birliyin sədri Məhəbbət İmanov çıxış edərək qanlı 20 Yanvarın xalqımızın müstəqillik tarixinin şanlı səhifələrindən olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Bakıda Azərbaycanın müstəqilliyi uğrunda meydana çıxmış dinc əhali təpədən dırnağadək silahlanmış sovet ordusuna sinə gərərək müstəqillik amalından dönməmişdir. Vətənin igid övladlarının qanı bahasına qazanılmış müstəqillik ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əbədi və dönməz xarakter almışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov ötən əsrin sonlarında baş vermiş hadisələri təhlil etmiş, ermənilərin fitnəsi ilə imperiya rəhbərliyinin dinc əhaliyə divan tutmasının təsdiqinə dair faktlara dünya birliyinin hələ də laqeyd münasibət göstərməsindən təəssüfləndiyini bildirmişdir. Tbilisidə 9 Aprel, Bakıda 20 Yanvar faciələrinin bu ölkələrdəki milli azadlıq hərəkatının boğulması məqsədilə törədildiyi halda, Ermənistanda baş verənlərə göz yumulmuşdur. SSRİ rəhbərliyinin şirnikləndirdiyi ermənilərin tarixi torpaqlarımızı işğal etdiklərini vurğulayan diplomat Azərbaycan həqiqətləri qarşısında ermənilərin saxta təbliğat maşınının məhvə məhkum olduğunu vurğulamışdır.
Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia eyni taleli ölkələrimizin haqq işinin mütləq qalib gələcəyinə əmin olduğunu bildirmiş və gəncləri yaxın keçmişimizin tarixini dərindən öyrənməyə çağırmışdır. Professor qeyd etmişdir ki, heç kəsin 20 Yanvar və 9 Aprel faciələrini unutmağa haqqı yoxdur. Həmin günlər kədərli olduğu qədər də tariximizin qürurlu və şanlı səhifələridir. Şəhidlərimizin qanı hesabına qazanılmış müstəqilliyimizi qorumaq hamımızın borcudur. Q.Marxulia əmin olduğunu vurğulamışdır ki, xain qonşuların fitnə və hiyləsi ilə ərazi bütövlüyümüzə qəsd faktlarının qarşısı tezliklə alınacaq və əbədi, əzəli torpaqlarımızı qaytaracağıq.
Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) rəhbəri Samirə İsmayılova yeni təsis olunmuş “Borçalı İrəli” İctimai Birliyinə uğur diləmiş və xalqımızın qan yaddaşı - 20 Yanvar, Xocalı faciələri, Dağlıq Qarabağ problemi barədə həqiqətlərin gürcü ictimaiyyətinin diqqətinə çatdırılması işində fəal olmağa çağırmışdır. O, GATA-nın təşəbbüsü ilə Tbilisidə 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçiriləcəyini, bu toplantıya azərbaycanlılarla yanaşı, gürcü gənclərin də dəvət olunduğunu bildirmişdir. S.İsmayılova GATA-nın yeni qurumla səmərəli əməkdaşlığa hazır olduğunu demişdir.
İqtisadi məsələlər üzrə ekspert Aygün İsayeva, “ Borçalı İrəli” İctimai Birliyinin icraçı katibi Elşən Vəliyev, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları 20 Yanvar faciəsi səbəbkarlarının layiqli cəzalarını alacaqlarına, dünya birliyinin bu fakta beynəlxalq hüquq normaları çərçivəsində qiymət verəcəyinə əmin olduqlarını vurğulamış, gürcü ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə daha ətraflı məlumatlandırılması üçün qarşıda duran vəzifələrdən söhbət açmışlar.
Tədbirdə “Qan yaddaşımız” filmi və faciəyə həsr olunmuş foto-stend nümayiş etdirilmişdir.
Sonda səmaya rəmzi olaraq 20 şar buraxılmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli