Martın 19-da keçiriləcək hərracda 99 dövlət əmlakı üzrə seçim imkanı var
Bakı, 18 fevral, AZƏRTAC
Martın 19-da keçiriləcək özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 99 dövlət əmlakı üzrə seçim etmək imkanı var.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsin vaxt itirmədən prosesə qoşulması təmin edilir. Açıq və şəffaf hərraclarda tətbiq olunan elektronlaşdırma vətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir. Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarını olduğu yeri tərk etmədən onlayn formada həyata keçirməsinə şərait yaradır.
Özəlləşdirməyə çıxarılan əmlaklar kateqoriyasına, sahəsinə, ilkin hərrac qiymətinə və aid olduğu iqtisadi sahələrə görə müxtəlifdir. Belə ki, dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyət, 3-ü isə nəqliyyat vasitəsidir. Bərdə, Goranboy, Lerik, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Şəki Tikinti Quraşdırma”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlərin 30 faiz ilə 45 faiz arasında olan səhm paketləri hərraca çıxarılıb.
İnvestorlar üçün yeni biznes imkanları yaradan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr arasındadır. Bu dövlət obyektləri paytaxtla bərabər ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Sərmayəçilər biznes planlarına uyğun ticarət, turizm, ictimai iaşə və digər xidmət obyektləri üzrə seçim edə bilər. Dövlət əmlaklarından biri Yevlax şəhəri, S.C.Pişəvəri küçəsindədir. Əvvəllər mehmanxana kimi fəaliyyət göstərən müəssisənin ümumi faydalı sahəsi 1562.6 kvadratmetrdir, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 2835,8 kvadratmetrdir. Yeni biznesə başlayanlar üçün maraqlı olan ticarət obyektləri paytaxtda, İmişli, Masallı, Gəncə kimi şəhər və rayonlarda yerləşir.
Özəlləşdirməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kvadratmetr və 213,7 kvadratmetr arasındadır. Bu növ dövlət əmlaklarından 8-i Bakıda, 4-ü Sumqayıtda, 2-si Daşkəsəndə digərləri isə Sabirabad, Bərdə və Tərtər rayonlarındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsindədir. Vətəndaş 2 min 500 manat beh ödəyərək xidmət və ofis obyekti kimi fəaliyyətə imkan verən dövlət əmlakının hərracında iştirak edə bilər.
2007-ci ildə istehsal olunan avtomobillər “QAZ” və “UAZ” markalarına aiddir. Qeyd edək ki, bu nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 1800 manat və 3 min 500 manatdır.
Dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.