REGİONLAR
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib
Masallı, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının əsrlərlə, illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə yolunda qəhrəmanlıqla şəhid olanların xatirəsi heç vaxt unudulmur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən “Şəhidlər unudulmur” tədbirində səsləndirilib.
Tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və “Şəhid Ailələri” İctimai Birliyi Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov və başqaları çıxış edərək əminliklərini bildiriblər ki, Azərbaycanın bugünkü və gələcək nəsilləri bu şəhidlərin qəhrəmanlıqlarından nümunə götürəcəklər, vətənpərvər olacaqlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı göstərilir. Bu qəbildən olan vətəndaşların tibbi-sosial problemlərinin həllinə dövlətin diqqət və qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik vəsait almaları bu qayğının bariz nümunəsidir.
Sonda tədbir iştirakçıları muzeydə “Şəhidlər guşəsi” ilə yaxından tanış olublar.