Masallı rayonunda yol polisi tərəfindən saxlanılan şəxsin narkotik istifadəçisi olduğu müəyyənləşib
Bakı, 10 noyabr, AZƏRTAC
Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları noyabrın 8-də saat 12 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində Yol Patrul Xidməti Alayının postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkarlanıb.
Polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhəsi yarandığından o, tibbi müayinədən keçirilib. Həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyənləşib.
M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunub. O, Masallı Rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğində cərimələnib.
M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyən edilib.