Masallı rayonunun 10 min nəfərə yaxın sakini tibbi müayinədən keçirilmişdir
Masallı, 24 fevral (AZƏRTAC, Bağır Əliyev). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən ölkə əhalisinin tibbi müayinəyə cəlb edilməsi respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da uğurla davam etdirilir.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yaradılmış 5 həkim briqadası qrafikə uyğun olaraq hər gün ucqar ərazilərdə sakinlərin tibbi müayinələrini həyata keçirir. Bu işə yüksək ixtisaslı, təcrübəli həkimlər, tibb işçiləri cəlb olunmuşlar. Xəstəxananın kollektivi üzərinə düşən məsul vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır.
Biz xəstəxanada olarkən burada qələbəlik hökm sürürdü. Rayon icra hakimiyyəti aparatının, təhsil və mədəniyyət şöbələrinin, gənclər və idman idarəsinin işçiləri tibbi müayinədən keçirdilər.
Mahmudavar kənd mədəniyyət evinin müdiri Natavan Əliyeva vətəndaşların sağlamlığına göstərilən bu qayğıya görə ölkə başçısına minnətdarlığını bildirərək dedi:
- Prezident İlham Əliyevin ölkə əhalisinin sağlamlığına yüksək qayğısı onun humanist siyasətinin, insan amilinə verdiyi önəmin tərkib hissəsidir. Bu qayğıya və diqqətə görə dövlətimizin başçısına minnətdarıq.
Təhsil şöbəsinin işçiləri Solmaz Quliyeva, Kəmalə Yaqubova və başqaları da söhbətə qoşularaq işin yaxşı təşkilindən razılıqlarını bildirdilər.
Tibbi müayinə üzrə komissiyanın üzvü, həkim Mirdaməd Nəbiyev aksiyanın əhəmiyyəti, xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Fəxrəddin Nəzərov işlərin gedişi barədə danışdılar. Bildirildi ki, zərurət yarandıqda xəstələr müalicəyə cəlb olunurlar. İnsanın sağlamlığı onun cəmiyyətdə mövqeyi, işgörmə qabiliyyəti üçün də mühüm amildir. Təsadüfi deyildir ki, bu məsələ dövlətimizin və Prezidentimizin daim diqqət mərkəzindədir.
Rayon telekommunikasiya qovşağının texniki təhlükəsizlik mühəndisi Qurbanəli Abbasov, poçtamt işçisi Natiq Tahirov və başqaları da müayinədən razı qaldıqlarını bildirdilər.
Xəstəxanadan aldığımız məlumata görə, qısa müddətdə 10 min nəfərə yaxın rayon sakini müayinədən keçmişdir. Həmçinin səyyar həkim briqadaları tərəfindən 1500 nəfər müayinə edilmişdir. Müəyyən xəstəliklər aşkarlanan 150 sakin ambulator müalicəyə cəlb olunmuşdur.