Masallıda əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil edilib
Bakı, 24 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Masallı regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda orada peşə hazırlığı keçən şəxslər tərəfindən hazırlanmış 950 əl işi satışa çıxarılıb.
Satış-sərgidə 19 müəllifin rəssamlıq, vitraj boyakarlığı, xalçaçılıq, bədii tikmə, toxuculuq, bədii oyma, dulusçuluq, dərzilik və digər peşə istiqamətləri üzrə əl işləri nümayiş olunub.
Tədbir əlilliyi olan şəxslərin sosial inklüzivliyinin təşviqi, yaradıcılıq potensialının nümayiş etdirilməsi və əmək bazarında iştirak imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.