Masallıda milli-mənəvi dəyərlərimiz və Novruz ənənələri tərənnüm olunub
Masallı, 17 mart, AZƏRTAC
Masallı şəhərindəki Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Masallı Dövlət Regional Kollecinin və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov çıxış edərək bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd əsrlərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi gənc nəslə çatdırmaqdır. O qeyd edib ki, Novruz bayramı milli kimliyimizin ayrılmaz tərkib hissəsidir. “Bu gün təşkil olunan bayram şənliyi təkcə əyləncə xarakteri daşımır, həm də tələbə-gənclərimizin asudə vaxtlarının düzgün və səmərəli təşkilinə, onların xalqımızın zəngin mədəniyyətinə dərindən bələd olmasına xidmət edir”, - deyə o diqqətə çatdırıb.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, şəhid Nurlan və şəhid İntiqam Ələsgərli qardaşlarının anası Ziba Ələsgərli, "Vətənpərvərlər" Maarifləndirmə İctimai Birliyinin həmtəsisçisi, müharibə veteranı Çingiz Bayramov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Mövsümağa Ədalətoğlu, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin fəalları Aynurə Rüstəmova və Mahir Salahov çıxış edərək, Kollecin pedaqoji kollektivini Ramazan və Novruz bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın müqəddəs borcudur. Bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasında və xalqımızın qədim ənənələrinə bağlılığında mühüm rol oynayır.
Sonra Kollecin tələbələri arasında keçirilən inşa müsabiqəsi, "Ən yaxşı kulinariya nümunəsi”, həmçinin idman və digər sahələr üzrə yarışların qaliblərinə təşəkkürnamələr və diplomlar təqdim olunub.
Tədbirdə tələbə-gənclərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilib.