Masallının 49 min 425 nəfər sakini tibbi müayinələrdən keçmişdir
Masallı, 4 aprel (AZƏRTAC, Bağır Əliyev). Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
AZƏRTAC-ın müxbiri tibbi müayinənin gedişi ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülşən Xəlilovadan müsahibə almışdır. G.Xəlilova demişdir: Tərtib olunmuş qrafikə əsasən mart ayının 31-dək rayonun idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin müayinəsi başa çatdırılmışdır. Hazırda müayinələr yaşayış məntəqələrində davam etdirilir. Bundan başqa, yaradılmış iki səyyar həkim briqadası ümumtəhsil və məktəbəqədər təhsil müəssislərində şagirdlərin və uşaqların tibbi müayinəsini aparır. İndiyədək rayon əhalisinin 49425 nəfəri tibbi müayinədən keçmişdir. Onlardan 34510 nəfəri 18 yaşdan yuxarı vətəndaşlardır.
Tibbi müayinələrdən keçənlərin 939 nəfərində xəstəlik aşkar edilmişdir. Onlardan 878 nəfəri ambulator, 61 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 78 nəfər isə Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Həmçinin 22 göz xəstəsi qeydiyyata alınmış və bununla bağlı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialına məlumat verilmişdir. Yaxın günlərdə onların müayinə və müalicəsi, o cümlədən cərrahiyyə əməliyyatları həyata keçiriləcəkdir.
Aksiyanın gedişi Heydər Əliyev Mərkəzində keçirilən geniş şura iclasında müzakirə edilmiş, xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə şura üzvlərinə, idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələr verilmişdir.