Maska tələbi ləğv olunsa da, zərurət olduğu halda onu taxmaq lazımdır
Bakı, 25 aprel, AZƏRTAC
İki ildən artıqdır ki, qorxulu kabus kimi bəşəriyyətin başı üstünü almış pandemiya qadağaları yumşalmağa başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 1-dən tibbi maskadan istifadənin məcburi olmayacağı haqqında qərar verib.
Əlbəttə, neçə vaxtdan bəri ictimai nəqliyyatda, iri ticarət mərkəzlərində, dükan-bazarda belə məhdudiyyətlərin olması ciddi narahatlıq doğururdu. Şükürlər olsun ki, addım-addım, yavaş-yavaş bu məhdudiyyətlər yumşaldılır, tədricən normal həyata qayıdırıq. Əlbəttə, bunlar çox yaxşıdır. İki ildən artıqdır ki, əvvəlki həyata qayıtmağın həsrəti ilə yaşayırdıq.
AZƏRTAC xəbər verir ki, bunu Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova deyib.
Şöbə müdiri məhdudiyyətlərin ləğv olunması xəbərini alqışlamaqla yanaşı, bir sıra xəbərdarlıq da edib: “COVID-19 elə dəhşətli bəladır ki, dünyada sonuncu xəstə sağalmayınca, epidemiya tam çəkilib getməyincə arxayınlaşmaq olmaz. Təəssüf ki, bizim camaatın əksər nümayəndələrində tez arxayınlaşmaq, necə deyərlər, “çay keçməmiş çırmanmaq”, “ yay gəlməmiş qızınmaq” psixologiyası var. Hələ məhdudiyyətlər götürülməmiş ağzı-burnu açıq, üstəlik heç nə yoxmuş kimi körpə uşaqlarının əlindən tutub dükan-bazara girən, avtobusa minən, metrodan istifadə edən az adam görmüşük?! Yaxud mərasim salonlarında, ziyafət məclislərində maskasız, spirtdən, gigiyenik vasitələrdən istifadə etməyən insanlarla rastlaşırıq”.
Həkim-terapevt bunun qətiyyən yaxşı hal olmadığını deyib: “Məgər bu xəstəliyin necə təhlükəli bir virus olduğu iki ildən artıq müddətdə bizə bəs eləmədi? Bu müddətdə nə qədər əziz, doğma, tanış adamlarımız dəhşətli epidemiyanın qurbanına çevrildi... İndinin özündə də ətrafımızda COVID-19-a yoluxub sağalsa da, onun vurduğu zərərləri orqanizmində daşıyan, hələ də tam-dürüst sağalmayan adamlar var! Məncə, bunlar hamı üçün ibrətli nəticə çıxarmağa əsas verməlidir. Ataların yaxşı bir sözü var: “İşini etibarlı tut, qonşunu da oğru bilmə!”. Heç kim açıq havada, tək-tənha gəzib dolaşdığın məkanda maska vurmağı tələb etmir və etməyəcək də. Amma sonrakı peşmançılığın olmaması üçün işimizi etibarlı tutmalı, imkan daxilində yenə də tünlük, sıxlıq olan yerdə maska taxmaqdan çəkinməməliyik. Əgər hardasa natəmizlik hiss edirsinizsə, xəstəlik, infeksiya təhlükəsi varsa, maska taxmağın, gigiyenik tələbləri gözləməyin nə ziyanı var? Sözümün canı nədir? Maskanın tələb olunmaması hamımızı sevindirir, normal həyat hamının arzusudur, amma, necə deyərlər, təhlükəni, azar-bezarı satın almayaq. Mümkün qədər qorunaq, yeri gələndə maska da taxaq, əlləri də spirtləyək, tünlük məkanlardan aralı durmağa çalışaq. Onsuz da iki ildən çoxdur ki, bu qaydalara öyrəşmişik, indi bir müddət də təhlükə tam sovuşana qədər bu qaydalara mümkün qədər və imkan daxilində əməl etsək, pismi olar?”.