İQTİSADİYYAT
Mayda İnvestor stimullaşdırıcı lotereyası keçiriləcək
Bakı, 18 aprel, AZƏRTAC
“Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, “Bakı Fond Birjası” QSC-nin (BFB) və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə İnvestor stimullaşdırıcı lotereyasına start verilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır. İnvestor stimullaşdırıcı lotereyası mayın 9-u və noyabrın 15-i aralıqlarında 4 tirajda keçiriləcək. Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 AZN məbləğində mükafata sahib olacaq. İlk tiraj mayın 10-da Bakı Fond Birjasında keçiriləcək.