Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir
Bakı, 17 avqust, AZƏRTAC
İllər sonra doğma torpaqlara qayıdan sakinlərin sevincinə gənclik illərində doğma yurdundan ayrılan Əhsən Abdullayev də şərikdir.
AZƏRTAC xəbər verir ki, hələ yeniyetməlik çağlarında Xocavəndin Güneyxırman kəndini tərk edən Əhsən Abdullayev 49 yaşında ata-baba torpağına qayıtmağın sevincini yaşayır.
“Biz rayondan çıxanda 16 yaşım var idi, indi 49 yaşım var. O vaxt gənc idik. İndi də gedib orada öz həyatımızı davam etdirəcəyik. Ora bizim üçün əzizdir, şirindir”, - deyə Əhsən Abdullayev bildirib.
O, doğma yurdda kənd təsərrüfatı, əkin-biçin ilə məşğul olaraq kənd həyatını yenidən canlandırmağı arzuladığını deyib. Qeyd edib ki, kəndin təmiz havası, bulaqları, yaşıllığı və gözəlliyi onun üçün xüsusi dəyər daşıyır.
“Oranın başqa ab-havası, orada yaşamağın öz ləzzəti var. Bulaqları, təmiz havası, gözəlliyi, yaşıllığı, suyu nəyə desən dəyər”, - deyə keçmiş məcburi köçkün vurğulayıb.
Əhsən Abdullayev ailəsinin də müharibənin ağrılarını yaşadığını bildirib. Əmisinin şəhid, atasının isə qazi olduğunu qeyd edən sakin doğma yurda qayıdışın onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını deyib.
“İndi sevinirik ki, öz doğma torpağımıza qayıdırıq. Dövlətimizdən razıyıq. Sevincimizin həddi-hüdudu yoxdur”, - deyə o diqqətə çatdırıb.