Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzurun uzun müddət erməni işğalı altında qalması həm Azərbaycanın sərvətlərinin talanmasına yol açıb, həm də ölkənin bu resurslardan uzun müddət istifadəsinə mane olub. Ərazilərin işğal altında olması səbəbindən bu istiqamətdə lazımi araşdırmalar aparılmayıb və mövcud resursların iqtisadi dövriyyəyə cəlb edilməsi mümkün olmayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
O qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət Proqramının həyata keçirilməsi dağ-mədən sənayesinin və metallurgiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
“Proqrama əsasən, yaxın üç il ərzində bu sahəyə 5,3 milyard manat investisiya yatırılması nəzərdə tutulur. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektor tərəfindən cəlb edilən kreditlər və borc vəsaitləri hesabına təmin olunacaq. Dövlət üç il ərzində təxminən 15-20 min kvadratkilometr ərazidə axtarış-tədqiqat və istismar işləri həyata keçirəcək. Bununla yanaşı, yeni müəssisələrin yaradılması və minlərlə davamlı, dayanıqlı və yüksək əməkhaqqı olan iş yerinin açılması nəzərdə tutulur. Proqramın uğurla həyata keçirilməsi nəticəsində bu istiqamətdə ixracın 2,6 dəfə artacağı gözlənilir. Bu da qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək, ölkəyə alternativ valyuta daxilolmaları kanallarını genişləndirəcək. Hazırda qeyri-neft ixracında bu istiqamətdə əsas gəlirlər qızıl və alüminium müəssisələrinin ixracından formalaşır. Lakin həm qızıl, həm də qeyri-qızıl yataqlarının istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını daha da genişləndirəcək”, - deyə Xalid Kərimli əlavə edib.