Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının sədri Anar Bağırov “PAŞA Holdinq”in təşəbbüsü ilə həyata keçirilən “LEGIS” Hüquq Forumu çərçivəsində gənc hüquqşünasların peşəkar inkişafına dəstək məqsədilə təşkil olunan “LEGIS” Mentorluq Proqramının qalibi Həmid Mehdiyevlə görüşüb.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı proqramın idarəçi rəhbərlərindən biri olan A.Bağırov Həmid Mehdiyevin uğurunu yüksək qiymətləndirib. Bildirib ki, belə təşəbbüslər gənc hüquqşünasların peşəkar inkişafında və onların potensialının üzə çıxarılmasında mühüm rol oynayır.
Həmçinin sədr altıaylıq fərdi inkişaf planı əsasında Həmid Mehdiyevlə sıx əməkdaşlıq ediləcəyini, peşəkar hüquq ictimaiyyəti ilə əlaqələrinin genişləndirilməsinə və öz təcrübəsini bölüşərək potensialını daha dolğun şəkildə reallaşdırmasına dəstək veriləcəyini qeyd edib.
Həmid Mehdiyev proqram haqqında təəssüratlarını bölüşüb, həyata keçirməyi planlaşdırdığı layihənin əsas məqsədləri və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.