“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı
Bakı, 23 sentyabr, AZƏRTAC
“Azəralüminium” MMC-nin elektroliz zavodunun illik istehsal gücünün 100 min tona çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda deyilir.
Sənədə əsasən, alüminium yayma məhsullarının illik istehsal gücünün 50 min tona çatdırılması, texniki-iqtisadi əsaslandırmanın nəticələri əsasında kalsinasiya və anodbişirmə zavodunun istismara verilməsi və anod istehsalının təmin edilməsi, alüminium sənayesində dəyər zəncirinin dərinləşdirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların (alüminium profil, naqil, kabel, folqa, lövhə, lent, içki qabları) istehsalının qurulması və genişləndirilməsi planlaşdırılır.
Eyni zamanda, özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının araşdırılması və bu istiqamətdə investorların cəlb edilməsi, Zəylik-Alunit yataqları əsasında alüminium xammal bazasının inkişaf etdirilməsi imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.