İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib
Bakı, 23 sentyabr, AZƏRTAC
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VI turu ilə bağlı qərarlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Sabah” – “İmişli” qarşılaşmasının 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Luis Silvestr 4 oyunluq cəzalandırılıb. Bununla yanaşı, klub 10 min manat məbləğində cərimə edilib. Həmin oyunda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi daha 700 manat cərimələnib.
“Turаn Tovuz” – “Zirə” qarşılaşmasında isə paytaxt təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klubu 700 manat məbləğində cərimə edilib.
“Şamaxı” – “Araz-Naxçıvan” matçında hər komandadan 4 futbolçu sarı vərəqə aldığı üçün klublar ayrı-ayrılıqda 700 manat cərimələnib.
“Kəpəz” – “Sumqayıt” görüşündə qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat ödəyəcək.
İntizam Komitəsi I Liqanın III turu ilə bağlı da qərarlar qəbul edib. “Karvan-Yevlax” – “Zaqatala” oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimə edilib.