Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı trası bizim bolidə uyğundur. Orta və aşağı sürətli döngələrdə adətən yaxşı nəticə göstəririk. Uzun döngələri çox sevmirik. Amma bu trasda belə döngələr demək olar ki, yoxdur. Burada əvvəlki yarışlarda da kifayət qədər sabit çıxış etmişik. Ümid edirəm ki, bu dəfə də eyni nəticəni göstərə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Uilliams” komandasının pilotu Aleks Albon Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, məqsədlərinin irəliləyiş əldə etmək olduğunu bildirib: “Özümüzə qarşı dürüst olmalıyıq. Kağız üzərində nə etməli olduğumuzu bilirik. Komanda mövsümün ortasında müsbət dəyişikliklər üçün böyük iş gördü. Maşının balansını yaxşılaşdıracaq bəzi kiçik dəyişikliklər etdik. Bu, asan deyildi. Artıq “Red Bull”, “Alpin” və “Haas” komandaları ilə mübarizəyə qoşulmaq istəyirik. Əvvəlki yarışlarda onlardan uzaq idik. Ona görə də həmin komandalarla mübarizə aparmaq üçün hələ çox iş görməliyik”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.
Fotoqraf – Tofiq Babayev