Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb
Bakı, 16 avqust, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron ölkədə meşə yanğınları və anomal istilərin davam etdiyi bir vaxtda Fransanın Aralıq dənizi sahilində məzuniyyət keçirməsi ilə bağlı yayılan fotolardan sonra müxalifətin tənqidinə məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
“Avropa-Ekologiya-Yaşıllar” partiyasının milli katibi Marin Tondelye bildirib ki, fransız xalqı “apokaliptik yay” yaşayır, Prezident isə məzuniyyəti zamanı özünə reklam fotosessiyası təşkil edir.
Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da Makronu tənqid edib. O qeyd edib ki, bir çox vətəndaşın məzuniyyətə getmək imkanı olmadığı halda, Prezident “hidrosikldə əylənir”.
Bundan əvvəl Fransanın meteorologiya xidməti “Météo-France” ölkədə hazırkı istilər dövrünün meteoroloji müşahidələr tarixində ən uzunmüddətli dövrlərdən biri olduğunu açıqlayıb. Avqustun 14-də Fransanın Avropa hissəsindəki 96 departamentdən 75-də yanğın təhlükəsinin narıncı - təhlükənin ikinci ən yüksək səviyyəsi elan edilib.
Fransanın ekoloji keçid naziri Monik Barbyunun qiymətləndirməsinə görə, bu yay təkrarlanan istilik dalğaları ölkəyə təxminən 10-15 milyard avroya başa gələ bilər.
“CNews” telekanalının məlumatına görə, avqustun 15-nə keçən gecə Fransanın cənub-qərbində yerləşən Lüqlon kommunası ərazisində 1580 hektar meşə yanıb, təxminən 650 nəfər təxliyə olunub.
İyulun sonunda Jironda departamentində ölkə tarixinin ən böyük meşə yanğınlarından biri ilə mübarizə aparılıb. Yanğın nəticəsində 42 min hektar ərazi zərər görüb.
Avropa Meşə Yanğınları Məlumat Sisteminə görə, 2026-cı il ərzində Fransada yanğınların təsirinə məruz qalan ərazilərin ümumi sahəsi təxminən 100 min hektara çatıb.