Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?
Bakı, 17 avqust, AZƏRTAC
Doğma yurda qayıdan sakinlərin sevincinə bu dəfə Xocavənd rayonunun Quzeyxırman kəndi də şahidlik edir. İllərlə həsrətində olduqları torpaqlara qovuşan sakinlər üçün bu gün həm qürur, həm də böyük sevinc hissi ilə yadda qalır.
AZƏRTAC xəbər verir ki, Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edən sakinlərdən biri - Vaqif Gözəlov doğma torpağa qayıdışın sevincini bölüşərək bu günün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Bu gün doğrudan da bizim ən sevincli və xoş arzularla gözlədiyimiz günlərdən biridir. Doğma torpağımız Xocavəndə, Quzeyxırman kəndinə qayıdırıq”, - deyə Vaqif Gözəlov bildirib.
O, qayıdışın reallaşmasında dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirib, şəhidlərə rəhmət, qazilərə və döyüşçülərə cansağlığı arzulayıb.
Xocavənd sakini doğma torpaqlarından didərgin düşmüş digər insanların da öz yurdlarına qayıtmasını arzuladığını deyib. Bildirib ki, onların bu gün yaşadığı sevincin digər ailələrə də nəsib olması ən böyük arzularındandır.
“Sevinə-sevinə qayıdırıq, bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər? Hamıya uğurlar diləyirəm və arzu edirəm ki, bizim şad günlərimiz o torpaqlarda davam etsin”, - deyə o vurğulayıb.
Doğma yurda qayıdışın mümkün olmasını Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqələndirən Vaqif Gözəlov ölkənin gələcəyi ilə bağlı nikbin fikirlərini də bölüşüb.
“Bütöv Azərbaycanımız naminə bu siyasətlə irəli getmək o deməkdir ki, Ali Baş Komandanımızın tutduğu yol doğrudur. Ulu Öndərimizə Allah rəhmət eləsin. Onun siyasətini Prezidentimiz uğurla yerinə yetirir. Bütün torpaqlarımız azaddır”, - deyə keçmiş məcburi köçkün vurğulayıb.
Vaqif Gözəlov bundan sonra insanların ağrı-acı çəkməməsini və doğma torpaqlarda sülh içində yaşamasını, firavan günlərin davam etməsini arzulayıb.