Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH
Bakı, 15 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri ölkənin ictimai-siyasi gündəmində mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər yalnız Naxçıvanda həyata keçirilən layihələrlə tanışlıq və qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından deyil, həm də muxtar respublikanın Azərbaycanın ümumi inkişaf strategiyasındakı artan rolunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Naxçıvanın Azərbaycan dövlətçiliyinin tarixində özünəməxsus yeri olan, geosiyasi və coğrafi mövqeyi etibarilə ölkənin strateji əhəmiyyətli bölgələrindən biri olduğunu qeyd edən deputat bildirib: “Son illərdə burada həyata keçirilən institusional, sosial-iqtisadi və infrastruktur dəyişiklikləri Naxçıvanın inkişafının ayrıca regional siyasət məsələsindən çıxaraq Azərbaycanın uzunmüddətli iqtisadi və nəqliyyat strategiyasının mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir.
Naxçıvanın inkişafına sistemli yanaşmanın əsas istiqamətlərindən biri 2023-2027-ci illəri əhatə edən Dövlət Proqramıdır. Sənəddə iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahibkarlığın və investisiya fəallığının artırılması, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və nəqliyyat imkanlarının genişləndirilməsi kimi prioritetlər müəyyənləşdirilib. Sonrakı illərdə Dövlət Proqramının icra mexanizmlərinə müxtəlif dəyişikliklərin edilməsi isə Naxçıvanın inkişaf gündəminin yeni tələblərə uyğunlaşdırıldığını göstərir.
Bu baxımdan dövlətimizin başçısının Naxçıvana səfərini dövlət siyasətinin yerli səviyyədə icrasına nəzarət mexanizminin mühüm elementi kimi də qiymətləndirmək mümkündür. Səfər regionun mövcud vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı dövr üçün inkişaf prioritetlərinin siyasi rəhbərlik səviyyəsində bir daha təsdiqlənməsinə imkan yaradır”.
Deputatın sözlərinə görə, Prezidentin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın inkişaf prioritetləri, təhlükəsizlik və enerji siyasəti, nəqliyyat-kommunikasiya imkanları, sənayeləşmə, kənd təsərrüfatı, turizm, tarixi-mədəni irsin qorunması və idarəetmə sahəsində qarşıda duran vəzifələrə dair geniş strateji baxışın ifadəsi kimi diqqəti cəlb edir. Səfər çərçivəsində həyata keçirilən tədbirlər, təqdim olunan layihələr və verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
S.Hüseynova qeyd edib ki, müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının daha da gücləndirilməsidir. Prezident İlham Əliyev Naxçıvanın coğrafi xüsusiyyətlərini, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmamasını nəzərə alaraq, muxtar respublikanın təhlükəsizliyinə daim xüsusi diqqət göstərildiyini bildirib. Bu baxımdan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması mühüm strateji addım kimi qiymətləndirilir. Müasir hərbi texnika ilə təchizatın genişləndirilməsi və yeni komando qüvvələrinin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin və müdafiə potensialının davamlı şəkildə artırıldığını nümayiş etdirir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri hazırda regionda söz sahibidir və Naxçıvanın hərbi potensialının gücləndirilməsi bundan sonra da davam etdiriləcək.
“Səfərin mühüm nəticələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Yeni sənaye parkının yaradılması muxtar respublikada istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Parkın tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu layihənin əsas məqsədlərindən biri Naxçıvanın dayanıqlı enerji təminatını daha da möhkəmləndirmək, digər istiqamət isə gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını artırmaqdır.
Müsahibənin mühüm hissəsi Zəngəzur dəhlizinin yaradılması və Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsi məsələsinə həsr olunub. Prezident Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürüldüyünü qeyd edib və üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsinə dair müddəanın yer almasının vacibliyini vurğulayıb.
Naxçıvanın gələcəkdə yalnız Azərbaycan daxilində deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən mühüm beynəlxalq logistika mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulur", - deyə YAP Təftiş Komissiyasının sədri bildirib.