Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ
Bakı, 15 avqust, AZƏRTAC
Bakı şəhərində əhalinin sayının çoxalması nəqliyyat sisteminə, xüsusilə də ictimai nəqliyyata tələbatı artırır. Sərnişin axınının artması mövcud infrastrukturun yenilənməsini və genişləndirilməsini zəruri edir. Bu istiqamətdə Bakı Metropolitenində həm təmir, həm də gələcəkdə sərnişindaşıma imkanlarının artırılmasına hesablanan yeni layihələr həyata keçirilir.
Bu çərçivədə görülən ən vacib işlərdən biri də yaşıl və qırmızı xətlərin ayrılması prosesidir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, metropolitenin “Nizami” və “28 May” stansiyaları arasında 200 metrə yaxın tunelin inşası ilə paytaxtın metro şəbəkəsi yeni mərhələyə qədəm qoyacaq.
“Bu gündən etibarən Bakı metropoliteninin “28 May” və “Nizami” stansiyaları arasında təmir işlərinə başlanılıb.
Təmir işləri ilə əlaqədar olaraq sərnişinlərin hərəkətində müəyyən məhdudiyyətlər tətbiq olunur. Təmir işləri, əlbəttə ki, müvəqqəti xarakter daşıyır və 11 ay sonra tam olaraq başa çatacaq”, - deyə B.Məmmədov qeyd edib.
Metropoliten rəsmisi vurğulayıb ki, əsas hədəflər sırasında xətlərin müstəqil fəaliyyətinin təmin edilməsi və qatarların hərəkət imkanlarının genişləndirilməsi yer alır. Bu gündən etibarən qatarların hərəkəti Bakı metropolitenində fərqli olaraq təşkil olunur.
Xətlər ayrıldıqdan sonra isə Dərnəgül–Nizami–Cəfər Cabbarlı xətti olmaqla qatarların hərəkəti təmin ediləcək”, - deyə Bəxtiyar Məmmədov əlavə edib.
Xətlərin ayrılması, yeni keçid imkanlarının yaradılması və digər infrastruktur işlərinin tamamlanması gələcəkdə qatarlararası intervala da təsir göstərəcək.
“Xətlərin ayrılması dövlət proqramına uyğun olaraq digər işlərin artıq indidən başlanmasını zəruri etdiyindən, yaxın bir ay ərzində piyada pilləkəni, “Cəfər Cabbarlı”-“28 May” stansiyaları arasında keçidin əlavə imkanların yaradılması nəzərdə tutulur. Sonrakı dövrdə görüləcək işlər nəticəsində Bakı Metropolitenində intervalların iki dəqiqəyə və daha az müddətə endirilməsi bu layihənin tam tamamlanması ilə həyata keçirilmiş olacaq”, - deyə QSC rəsmisi əlavə edib.
Bakı Metropoliteninin 60 ilə yaxındır fəaliyyət göstərdiyini nəzərə alsaq, mütəxəssislər bu cür infrastrukturun yenilənməsini və təkmilləşdirilməsini zəruri hesab edirlər. Görülən işlər müəyyən müddət ərzində sərnişinlərə narahatlıq yaratsa da, onlar bu dəyişiklikləri anlayışla qarşılayırlar.
Paytaxt sakini Orxan Piriyev deyib: “Çox yaxşı, dəyişiklik olmalıdır, yenilənməlidir, hər şey bərpa olunmalıdı”.
Digər sakin Mehran Məmmədov qeyd edir ki, görülən işlər metro sisteminin inkişafı üçün vacibdir: “Əlbəttə, təmirsiz olmaz... Yeni stansiyalar lazımdır, metroya investisiya qoyulması vacibdir. Şəhər böyükdür, metro da böyük olmalıdır”.
Sərnişinlərin istiqamətləndirilməsində isə metro stansiyalarının çıxışlarında fəaliyyət göstərən könüllülərin xüsusi rolu var. Onlar sərnişinlərə alternativ marşrutlar və dəyişikliklərlə bağlı məlumat verir, sərnişin axınının düzgün təşkilinə dəstək göstərirlər.
Bakı Metropoliteninin könüllüsü Cəmilə Mövsümova bildirib: “Bizim fəaliyyətimiz, demək olar ki, vətəndaşlarla bağlıdır. Biz vətəndaşları istiqamətləndiririk, onlara yön göstəririk. Onlara məlumat bildiririk ki, bu gündən etibarən “Nizami” və “28 May” stansiyaları arasında təmir başlanıb və bununla əlaqədar dəyişikliklər var”.
Könüllülər vətəndaşları ekspres avtobuslara da yönləndirirlər. Sərnişinlər ekspres avtobuslardan istifadə edərək növbəti stansiyalara gedə bilərlər. Metroda tətbiq olunan məhdudiyyətlərlə əlaqədar sərnişinlərin daşınması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müntəzəm avtobuslar təşkil olunub. Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib.
Metrodan çıxan sərnişinlər səfərlərini bu avtobuslarla davam etdirirlər. Bütün bu prosesin məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir.
Beləliklə, bu gün metrodan istifadə edən sərnişinlərin səfərləri fərqli hərəkət sxemi üzrə baş tutsa da, müvəqqəti məhdudiyyətlərin arxasında daha geniş, daha çevik və artan sərnişin tələbatına cavab verə biləcək metro sisteminin formalaşdırılması dayanır.