MDB ekspertləri meymun çiçəyinin yayılması ilə əlaqədar epidemioloji vəziyyəti müzakirə ediblər
Bakı, 4 iyun, AZƏRTAC
MDB iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusilə təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları meymun çiçəyinin yayılması ilə əlaqədar epidemioloji vəziyyəti və ərazilərin sanitar mühafizəsi çərçivəsində qabaqlayıcı tədbirləri müzakirə ediblər.
Qeyd edilib ki, meymun çiçəyi virusu birinci patogenlik qrupuna aiddir. Bu xəstəliyin aşkar edilməsi üçün sanitar-mühafizə tədbirləri görülməsi tələb olunur. Xəstəlik Qərbi və Mərkəzi Afrikanın rütubətli meşələr zonası üçün endemikdir. Lakin hazırda bu xəstəlik Avropa regionunda qeydə alınır.
Ümumdünya Səhiyyə Təşkilatı qlobal səviyyədə əhalinin sağlamlığı üçün ümumi risk dərəcəsini zəif hesab edir. Təbii çiçəyə qarşı vaksinasiyanın meymun çiçəyinə qarşı effektivliliyi əvvəllər 85 faizə çatırdı.
Əlaqələndirmə Şurasının üzvləri “Rospotrebnadzor”un ixtisaslaşdırılmış antiepidemiya briqadaları və MDB ölkələrinin ixtisaslaşdırılmış antiepidemik dəstələri üçün ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə halların aradan qaldırılması üzrə birgə beynəlxalq təlimlərin təşkili və keçirilməsi taktikası barədə metodik tövsiyələrin layihəsini və ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə vəziyyətlərə qarşı birgə iş imkanlarının təmin edilməsi üçün Birlik ölkələrinin profil müəssisələrinin mütəxəssisləri reyestrinin formalaşması qaydasını da müzakirə ediblər.
İclasda MDB iştirakçıları olan dövlətlər arasında ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə hallar haqqında informasiya mübadiləsi aparılmasının zəruriliyi qeyd edilib. Birgə monoqrafiyalar hazırlanması məsələləri müzakirə olunub.
Əlaqələndirmə Şurasının növbəti iclasının 2022-ci ilin payızında keçirilməsi planlaşdırılır.