MDB ekspertləri onkoloji xəstəliklərlə mübarizədə əməkdaşlığın inkişafı üzrə sənədi razılaşdırıblar
Bakı, 1 fevral, AZƏRTAC
Minskdə, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində onkoloji xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığa dair sənəd layihələrinin tamamlanması üzrə ekspert qrupunun əlavə iclasları keçirilib.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, ekspertlər iki sənəd layihəsini - MDB-yə üzv dövlətlərin 2020-2024-cü illərdə onkoloji xəstəliklərlə mübarizə sahəsində əməkdaşlıq Konsepsiyasının icrası üzrə Tədbirlər Planını və onkologiya sahəsində MDB ölkələri baza təşkilatının Əsasnaməsini tamamlayıb və razılaşdırıblar. Sənədlərin dövlətdaxili razılaşma üçün MDB-yə üzv dövlətlərə göndərilməsi və onların müəyyən qaydada MDB-nin İqtisadi Şurasının müzakirəsinə daxil edilməsi qərara alınıb.
Onkoloji xəstəliklərlə mübarizə sahəsində əməkdaşlıq Konsepsiyasının icrası üzrə Tədbirlər Planı bədxassəli yenitörəmələrdən ölüm hallarının azaldılması, onkoloji patologiyası olan pasiyentlərin həyat keyfiyyətinin artırılması yolu ilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilib.
Bu məqsədə Plan layihəsi vasitəsilə nail olmaqdan ötrü onkoloji xəstəliklərlə mübarizə, profilaktika, ilkin diaqnostika, onkoloji xəstəliklərin skrininqi və müalicəsi üzrə, həmçinin reabilitasiya və palliativ tibbi yardım üzrə milli planların (proqramların) işlənib hazırlanması (təkmilləşdirilməsi) nəzərdə tutulub. Xərçəngəleyhinə tədbirlərin elmi müşayiətinin səmərəli mexanizmlərinin işlənib hazırlanması və təmin edilməsi planlaşdırılır.
Belə ki, onkoloji xəstəliklərin ilkin müayinəsi, cərrahi və kompleks müalicənin yüksəktexnoloji variantları, dərman terapiyası və radioterapiyanın yüksək səmərəli sxemi, fotodinamik müalicənin selektiv variantlarında tətbiq olunan prinsip və yanaşmalar xəstəliklərin qarşısının alınmasına yönəlmiş profilaktiki tədbirlərdən istifadə olunmaqla əhalinin sağlamlığının dəstəklənməsinə və onun aktiv uzunömürlülüyünə əhəmiyyətli töhfə verməyə istiqamətlənib.
Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinə onkologiya sahəsində MDB ölkələrinin baza təşkilatı statusunun verilməsi təklif olunub.