“MDB ölkələrinin əhalisinin sağlamlığı” Strategiyasının həyata keçirilməsi Planı Minskdə ekspertlər səviyyəsində razılaşdırılıb
Bakı, 25 noyabr, AZƏRTAC
MDB-nin mənzil-qərargahında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı” Strategiyasının həyata keçirilməsi üzrə 2023-2024-cü illər üçün Tədbirlər Planının və MDB İqtisadi Şurasının bu məsələyə dair Qərarının layihələrinin təkmilləşdirilməsi və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Plan layihəsinə dair iradlar və təkliflər nəzərdən keçirilib, ekspertlər müzakirələrin nəticələrini nəzərə almaqla bu sənədin layihəsini səs çoxluğu ilə qəbul ediblər.
MDB İcraiyyə Komitəsinə təklif edilib ki, Planın və MDB İqtisadi Şurasının bu məsələyə dair Qərarının layihəsinin dövlətdaxili razılaşdırılması prosedurunun həyata keçirilməsi üçün ekspert qrupunun iclasının materialları MDB iştirakçısı olan dövlətlərə göndərilsin.
Xatırladaq ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı” Strategiyası 2016-cı il iyun ayında MDB Hökumət Başçıları Şurası tərəfindən qəbul edilib. Sənəd aidiyyəti ölkələrin səylərini əlaqələndirmək və səhiyyə sahəsində onların fəaliyyətinin uzlaşdırılma səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Bu halda əsas diqqət qeyri-infeksion xəstəliklərin profilaktikası məsələsinə yönəldilir.
Bu məsələyə diqqətin artırılması həm Birlik dövlətlərində, həm də bütün dünyada əhalinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əlillik və ölüm hallarının əsas səbəbi olan qeyri-infeksion xəstəliklərin geniş yayılması ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada bütün ölüm hallarının 71 faizi qeyri-infeksion xəstəliklərin payına düşür.
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı” Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsində əməkdaşlığın əsas istiqamətləri nəzərdə tutulur. Layihədə tədbirlərin dövriliyi və yerinə yetirilməsi müddətləri, gözlənilən nəticələr, habelə tədbirlərin yerinə yetirilməsinə görə cavabdeh orqanlar və təşkilatlar göstərilir.