MDB ölkələrinin hidrometeoroloqları hidrobioloji müşahidələrin keçirilməsini müzakirə edəcəklər
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 8-9-da Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının sessiyası keçiriləcək.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiya iştirakçıları milli hidrometeorologiya xidmətlərinin fəaliyyəti, onların MDB və Dünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, Birliyin Dövlətlərarası Hidrometeorologiya Şəbəkəsi haqqında Sazişin həyata keçirilməsi məsələlərini müzakirə edəcək, MDB ölkələrinin hidrometeoroloji fəaliyyətinin İnkişaf Strategiyasının və onun həyata keçirilməsinə dair Tədbirlər Planının icrasını qiymətləndirəcəklər.
Görüşdə Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Hidrometeorologiya Şəbəkəsinin fəaliyyəti, MDB məkanında mülki aviasiya gəmilərinin uçuşlarının meteoroloji təminatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatının Aviasiya Meteorologiyası Proqramı və Qlobal aeronaviqasiya planı nəzərə alınmaqla aviameteoroloji təminatın inkişafı mövzularına da toxunulacaq.
Bundan əlavə, Dövlətlərarası Şuranın üzvləri MDB-nin iştirakçısı olan dövlətlərin milli hidrometeorologiya xidmətlərinin 2016-2020-ci illər dövrü üçün elmi tədqiqatlarının prioritet istiqamətlərinin həyata keçirilməsi, Şimali Avrasiya Regional İqlim Mərkəzinin fəaliyyəti, sahə üçün kadr potensialının artırılması və hazırlanması, Yerə nəzarət qrupunun fəaliyyətində iştirak, Dünya Meteorologiya Təşkilatının İnteqrasiya olunmuş Qlobal Müşahidələr Sisteminin regional mərkəzi barəsində məsələləri nəzərdən keçirəcək, bir sıra digər məsələləri müzakirə edəcəklər.