MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ
Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionis Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli və Qubadlı rayonlarından olan və Səttarxan adına maşınqayırma zavodunun tikintisi yarımçıq qalmış inzibati binasında müvəqqəti yerləşdirilən məcburi köçkünlərlə görüşmüşdür.
Cənab Valionis həmyerlilərimizin düşdüyü ağır vəziyyətlə tanış olaraq vurğuladı ki, Avropa Şurası bu münaqişənin sülh yolu ilə həll edilməsi və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün səylərini əsirgəməyəcəkdir.
Məcburi köçkünlər bildirdilər ki, onların dünya birliyinə və beynəlxalq təşkilatlara əsas tələbi Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri qaytarılmasında Azərbaycana yardım göstərməkdən ibarətdir.
Füzuli rayonundan olan məcburi köçkün Pərvanə Məmmədova dedi ki, o, səkkiz nəfərdən ibarət ailəsi ilə artıq 9 ildir vaqonda yaşayır. Burada uşağı olmuş və o, məktəbə də buradan getmişdir. Bu illər ərzində beynəlxalq təşkilatlar münaqişənin nəhayət həll olunması və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün kifayət qədər iş görməmişlər.
Görüşdə iştirak edən baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bildirdi ki, 1993-95-ci illərdə humanitar və donor təşkilatları Azərbaycan üçün təxminən 200 milyon dollar ayırmışlar. İndi isə bir çox proqramların həyata keçirlməsi dayandırıldığından məcburi köçkünlərə göstərilən yardım 45 milyon dollara enmişdir. Ötən illərdə hər bir məcburi köçkünə orta hesabla təxminən 20 kiloqram humanitar yardım ayrılırdısa, indi bu, 3-4 dəfə azalmışdır. 300 min əmək qabiliyyətli məcburi köçkünün yalnız 100 mini işləyir. Azərbaycan Prezidenti Heydər Əliyev respublikamızın üzləşdiyi çətinliklərə baxmayaraq, bu insanlara daim yardım göstərirsə də, onların hələ xeyli problemi var.